Bakıda “Təhsildə informasiya texnologiyalarının tətbiqi” mövzusunda konfrans keçirilmişdir.
İntel, HP və ULTRA şirkətləri, MƏDƏD təşkilatı tərəfindən dəstəklənən konfransı Təhsil Nazirliyi və “Microsoft”-Azərbaycan təşkil etmişdir.
Tədbirdə təhsil naziri Misir Mərdanov “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulamışdır.
Təhsildə informasiya texnologiyalarının tətbiqi üzrə həyata keçirilən tədbirlərdən danışan nazir qeyd etmişdir ki, ötən il Məlumat və Resurs Mərkəzi yaradılmış, 500 məktəb genişzolaqlı sürətli internetə qoşulmuşdur. Ayrı-ayrı təhsil müəssisələrində “Elektron məktəb” pilot layihəsinin tətbiqinə başlanmışdır.
Nazir təhsildə informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı fikir və təkliflərini də bildirmişdir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz uşaqların internetdə təhlükəsizliyi, Microsoft şirkətinin nümayəndəsi Emin Axundov təmsil etdiyi şirkətin təhsildə fəaliyyəti, Bakının 7 nömrəli orta məktəbinin direktoru Gülnaz Mehdizadə İnnovativ məktəb və məktəbdə motivasiya barədə danışmışlar.
Konfransda İnnovativ müəllimlər müsabiqəsinin yekunları elan edilmişdir. Müsabiqənin qalibləri martda Almaniyada keçiriləcək Avropa İnnovativ Müəllimlər Forumunda Azərbaycanı təmsil edəcəklər.
Tədbirdə, həmçinin müəllimlərin informasiya texnologiyalarının tətbiqi üçün motivasiya sistemi geniş müzakirə olunmuşdur.
Motivasiya sistemi qeyd edilən Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Sonra mövzu üzrə geniş müzakirələr aparılmışdır.
/AzərTAc/