18-06-2009
Azərbaycanda innovativ müəllimlər müsabiqəsi elan olundu
Təhsil Nazirliyinin dəstəyilə “Microsoft Azərbaycan” şirkəti Azərbaycanda növbəti “İnnovativ Müəllimlər” müsabiqəsini elan edib.
Qaynar.info-nun verdiyi xəbərə görə, Ümumdünya İnnovativ Müəllimlər Forumunun Azərbaycan mərhələsi olan bu müsabiqə ölkəmizdə Təhsil nazirliyinin Microsoft korporasiyası ilə birgə həyata keçirilən “Təhsildə əməkdaşlıq” proqramının tərkib hissəsidir.
Müsabiqə MƏDƏD humanitar təşkilatı, ULTRA, HP şirkətləri və İntelin “Gələcək üçün təhsil” proqramı, AZEDUNET və British Council təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqənin məqsədi Azərbaycanın təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalardan istifadəsini təkmilləşdirmək və şagirdləri XXI əsr biliklərinə yiyələnməsi üçün şərait yaratmaqdır. Müsabiqə “məzmunda innovasiya” nominasiyası üzrə keçirilir.
“Məzmunda innovasiya” nominasiyası innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımılə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənir.
Müsabiqədə iştirak şərtləri:
• İştirakçının orta məktəb müəllimi olması;
• İştirakçının Layihə metodikası biliklərinə malik olması;
• İnformasiya texnologiyalarınan istifadə olunması;
• Müsabiqəyə təqdim olunan layihələrin şagirdlərlə tətbiqi və şagird işlərinin olması.