TƏHSİL NAZİRLİYİ XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİL ALMAQ İSTƏYƏNLƏR ÜÇÜN MÜSABİQƏLƏR KEÇİRİR
21.04.09
Azərbaycan gənclərinin xaricdə təhsili alması üçün Təhsil nazirliyində müsabiqələr, həmçinin sənəd qəbulu davam edir. Bakalavr və magistratura pillələrinə keçirilən müsabiqələri müvafiq ölkələrin ekspertləri aparır.
Bu ilki müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr və magistr pillələrində təhsil alan tələbələr iştirak edir. Aparılan test imtahanlar çərçivəsində bakalavr pilləsi üzrə texniki ixtisaslardan 550, digər sahələr üzrə isə 600 bal toplayan, magistr pilləsində isə texniki sahələr üzrə 70, humanitar sahələr üzrə isə ən azı 80 bal toplayan və 18 yaşı tamam olan tələbələr iştirak edir. Namizədlərin beynəlxalq səviyyəli sertifikatı da olmalıdır. Proqram təqaüdçüləri təhsillərini bitirdikdən sonra ölkəyə qayıdaraq 5 il müddətində işləmək haqqında öhdəliyə qol çəkirlər. Almaniya Federativ Respublikasının ali məktəblərində müxtəlif pillələr üzrə təhsil almaq istəyənlər üçün sənəd qəbulu başa çatıb. Almaniyadan gəlmiş ekspertlər tərəfindən müsabiqə keçirilmişdir. Hazırda Fransanın müxtəlif ali məktəblərinə, Niderlandın “Moastrix” idarəçilik məktəbinə və Koreyanın yüksək texnologiyalar institutunda təhsil almaq üçün sənədlərin qəbulu davam etdirilir. İndi dövlət xətti ilə 1000-ə yaxın tələbə xaricdə təhsil alır. Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət proqramına uyğun olaraq 2015-ci ilə qədər 5000 nəfər Azərbaycanlı gəncin xaricdə təhsil almağa göndərilməsi planlaşdırılır. Təhsil nazirliyində xaricdə təhsil üzrə sənədlərin qəbulu may ayının 10-na qədər davam edəcək.