ABDULLA ŞAİQ

(Abdulla Mustafa oğlu Talıbzadənin təxəllüsü; 24.2.1881, Tiflis– 24.7.1959, Bakı)– Azərbaycan yazıçısı, müəllim və ictimai xadim. Azərbaycan əməkdar incəsənət xadimi (1940).

Tiflis və Xorasanda təhsil almış, 1901 ildə Bakıya gəlib 1934 ilədək müəllimlik etmişdir. İnqilabdan əvvəlki yaradıcılığında—romantizm meylləri əks olunmuşdur. Lirik şe‘rlərində azadlıq, tərəqqi arzuları, nikbinlik, mübariz ruh əsas yer tutur («Parçalar», 1908; «Hər şey köhnə», 1909; «Zamanın inqilabçılarına», 1910; «İrəli», 1914 və s.). «Məktub yetişmədi» (1908) hekayəsi və «Əsrimizin qəhrəmanları» (1913–18) povestində kapitalist Bakısındakı iqtisadi-ictimai bərabərsizlik, xalqın ağır və faciəli həyatı əks etdirilmişdir.

«Köç» (1910) hekayəsində təbiət gözəllikləri, xalq məişəti, kənd həyatı zəngin boyalarla təsvir olunur. Abdulla Şaiq çoxcəhətli ədəbi, pedaqoji və elmi fəaliyyət göstərmişdir. Yeni həyatın, vətənin, əməkçi insanların tərənnümü Abdulla Şaiqin şe‘rlərinin («Bizimdir», 1923; «Azadlıq pərisinə», 1925; «Zərbəçi», 1933 və «Döyüş nəğməsi», «Vətən nəğməsi» və s.) yazmışdır başlıca ideya–mövzu xüsusiyyəti idi.

Azərbaycan nəsrində tarixi roman janrının inkişafında mühüm addımlardan olan «Araz» (1938) romanı Bakı proletariatının inqilabi mübarizəsindən bəhs edir. «İldırım» dramında (1926) Azərbaycan kəndində baş verən ictimai toqquşmalar təsvir olunur.

Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindəndir. «Tülkü həccə gedir», «Yaxşı arxa», «Tıq-tıq xanım», «Şələquyruq» mənzum hekayələrində gözüaçıqlıq, təvazökarlıq, doğruçuluq, təbiəti sevmək təbliğ edilir. Abdulla Şaiq Azərbaycan uşaq dramaturgiyasının banisidir: («Gözəl bahar», (1910), «El oğlu» (1939), «Vətən» (1941), «Nüşabə» (1945), «Ana» (1946) pyesləri gənc nəsildə vətənpərvərlik tərbiyəsinə həsr olunmuşdur.

Dünya ədəbiyyatı ilə yaxşı tanış olan , rus və fars dillərini mükəmməl bilən Abdulla Şaiq Nizami, Şekspir, Defo, Krılov, Puşkin, Lermontov, Qorki və b.-dan tərcümələr etmişdir.

Abdulla Şaiqin xalq maarifi sahəsində mühüm xidmətləri olmuşdur. «Uşaq çeşməyi» (1907), «Gülzar» (1912), «Milli qiraət kitabı» (1922), «Qiraət kitabı» (1924) və s. dərsliklər yazmış, ali məktəblərdə mühazirələr oxumuşdur.

Abdulla Şaiq tənqid və ədəbiyyatşünaslıq sahəsində və çalışmış, Füzuli, Nəsimi, Vaqif, M. F. Axundov, M. Ə. Sabir, A. Səhhət, H. Cavid, M. Hadi və b. haqqında elmi məqalələr dərc etdirmişdir.

Azərbaycan Dövlət Kukla Teatrına Abdulla Şaiqin adı verilmişdir.

 

 

 
   
    © Musigi dunyasi, 2009