ƏFƏNDİYEV İLYAS MƏHƏMMƏD OĞLU

(26.5.1914, Qaryagin, indiki Füzuli ş.-1996, Bakı)– Azərbaycan yazıçısı. Azərbaycan xalq yazıçısı (1979) və əməkdar incəsənət xadimi (1960). Azərbaycan Dövlət mükafatı laureatı (1972).

Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirmişdir (1938). «Kənddən məktublar» adlı ilk povest və hekayələri «Aydınlıq gecələr» (1945) kitabında toplanmışdır.

Yeni ictimai proseslər, adamların psixologiyasında baş verən dəyişikliklər, yeniliklə köhnəliyin mübarizəsi «İşıqlı yollar» (1947), «Bahar suları» (1948), «Atayevlər ailəsi» (1954) pyeslərinin əsas mövzularıdır. «Söyüdlü arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasında üç dost» (1963) romanlarında zəngin mə‘nəviyyatlı müasirlərimizin dolğun bədii obrazları yaradılmış, şüurlardakı gerilik, mühafizəkar təsəvvürlər tənqid edilmişdir.

«Sarıköynəklə Valehin nağılı» (h. 1–2, 1976–78) romanında «şəxsiyyət və cəmiyyət» mövzusu müasir ideya–estetik tələblər səviyyəsində həll olunmuşdur. Müasir mə‘nəvi-əxlaqi problemlərdən söhbət açan «Sən həmişə mənimləsən» (1964), «Mənim günahım» (1967), «Unuda bilmirəm» (1968), «Məhv olmuş gündəliklər» (1969), «Qəribə oğlan» (1973), «Bağlardan gələn səs» (1976) pyesləri Azərbaycan dramaturgiyasında psixoloji dramın nümunələridir. «Mahnı dağlarda qaldı» (1971) pyesi Azərbaycanda inqilabi mübarizə və Sovet hakimiyyətinin qələbəsindən bəhs edir. Əmək adamlarına həsr olunmuş oçerkləri və ədəbi tənqidi məqalələri də var. Əsərləri bir sıra xarici dilə tərcümə edilmiş, dramları bir sıra teatrların səhnəsində, «Sən həmişə mənimləsən» pyesi isə Bolqarıstanda tamaşaya qoyulmuşdur.

«Oktyabr İnqilabı», «Qırmızı Əmək Bayrağı», «Şərəf nişanı» ordenləri və medallarla təltif edilmişdir.

 
   
    © Musigi dunyasi, 2009