RƏSUL RZA

(təxəllüsü; əsl adı və familiyası Rəsul İbrahim oğlu Rzayev; 19.05.1910, Göyçay – 01.04.1981, Bakı) – Azərbaycan şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1980). Azərbaycan xalq şairi (1960), Azərbaycan əməkdar incəsənət xadimi (1943). SSRİ Dövlət mükafatı laureatı (1951).

1927-37 illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.

Rəsul Rzanın «Bu gün» adlı ilk şeri 1927 ildə «Qığılcım» almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir. «Qanadlar» (1935), «Çİnar» (1939)

Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı («Vətən» (1942), «İntiqam! İntiqam…» (1943) şer kitabları, «Ölməz qəhrəmanlar» (1942), «Qəzəb və məhəbbət» (1943) hekayə və oçerk topluları, «Vəfa» (1943) pyesi və s.).

60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi («Şerlər» (1959), «Pəncərəmə düşən işıq» (1962), «Duyğular, düşüncələr» (1964), «Dözüm» (1965) şer kitabları). «Qızıl gül olmayaydı» (1958-61), «Bir gün də insan ömrüdür», «Xalq həkimi» (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. «Rənglər» (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da («Dünən, bu gün, sabah» (1973), «Güneylər, qüzeylər» (1977), «Üzü küləyə» (1979) kitabları) əsas mövzusudur.

Uşaqlar üçün də yazmışdır («Balacaların şəkilli təbiət ensiklopediyası» seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri var («Mənim fikrimcə» kitabı, 1967).

Nizami Gəncəvinin «Xosrov və Şirin», Esxilin «Zəncirlənmiş Prometey» əsərlərini, V.Mayakovskinin şer və poemalarını, Nekrasovun «Rus elində kimin günü xoş keçir» poemasını, H.Lonqfellonun «Hayavata haqqında mahnı» poemasını, C.Q.Bayron, A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi, A.Blok, Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə müasir Asiya və Afrika şairlərinin əsərlərini Azərbaycan dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şerlərinə musiqi bəstələnmişdir

.Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən), olmuşdur.

 
   
    © Musigi dunyasi, 2009