SƏMƏD VURĞUN

(təxəllüsü; tam adı və familiyası Səməd Yusif oğlu Vəkilov; 21.3. 1906, indiki Qazax r-nunun Yuxarı Salahlı k. —27.5. 1956, Bakı)—Azərbaycan şairi. Azərbaycan xalq şairi (1956). Azərbaycan Elmlər Akademiyası akademiki (1945). Fəxri elmlər doktoru (1956). Azərbaycan əməkdar incəsənət xadimi (1943). SSRİ Dövlət mükafatı laureatı (1941, 1942).

1918 ildə Qazax müəllimlər seminariyasına daxil olmuş, Qazax, Quba və Gəncədə müəllimlik etmişdir. 1929—31 illərdə II Moskva Dövlət Unniversitetinin, sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun və Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında oxumuşdur (1931—33). Azərbaycan Sovet Yazıçıları İttifaqının məsul katibi (1934— 37), sədri (1941—48), Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədri, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti (1954—56) olmuşdur.

Yaradıcılığa 20-ci illərin əvvəllərində başlamışdır. Şe'rləri 1924 ildən dərc edilmişdir. «Hazır olunuz», «Oktyabr» (1927), «Andım», «İrəli», «İngilis» (1928), «Uzaqlara doğru» (1929), «Raport» (1930), «Ölən şe'rlərim» (1931) və s. şe'rləri gənc şairin bədii təfəkkürünün inkişafını göstərən ilk qələm təcrübələri idi. «Şairin andı» (1930), «Fanar» (1932), «Könül dəftəri» (1934) adlı şe'r kitablarında yeni həyat quruculuğu mövzuları əsas yer tuturdu.

30-cu Səməd Vurğun. «Azərbaycan» (1935), «On iki dekabr» (1937), «Mavzoley» (1938) və s. lirik şe'rlərini, «Komsomol poeması» (1931—56), «26-lar», «Talıstan» (1935), «Bəsti» (1937) poemalarını yaratdı. Səməd Vurğun romantik qəhrəmanlıq dramı janrına müraçiət etmişdi («Vaqif», 1937; «Xanlar», 1939; «Fərhad və Şirin», 1941).

«Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır» (1941), «Həyat fəlsəfəsi», «Yanğın» (1942), «Ürək», «Gələcəyin toy bayramı», «Göyərçin» (1943), «Dörd söz» (1944) kimi fəlsəfi səpkilli şe'rlərində şair həyat, ölüm, xeyir, şər, həqiqət, keçmiş, gələcək kimi ümumbəşəri kateqoriyaları mə'nalandırmağa sə'y göstərir, bəşəriyyətin mübarizə təcrübəsini ümumiləşdirməyə çalışırdı. Gələcəyə nikbin baxış, insanın zəka və kamalının, Həqiqətin qələbəsinə «Bakının dastanı» (1944) poeması, «İnsan» (1945) mənzum romantik-fəlsəfi dramında, «Muğan», «Köhnə dostlar» (1949), «Aygün» (1951) poemalarında öz əksini tapmışdır. «Zəncinin arzuları» (1948) poeması, «Avropa xatirələri» (1950) şe'r silsiləsi və s. əsərləri sülh, milli azadlıq və demokratiya uğrunda mübarizəyə həsr olunmuşdur. «Şair, nə tez qocaldın sən » (1953), «Mən tələsmirəm... » (1954), «Gödəkçə» (1955) və s. son şe'rləri Səməd Vurğun yaradıcılığına xas həyat və sənət eşqinin fəlsəfi-poetik ifadəsidir.

Səməd Vurğun Azərbaycan, rus, SSRİ xalqları və dünya ədəbiyyatı klassikləri haqqında, bədii yaradıcılıq, ictimai-siyasi və mədəniyyət məsələlərinə həsr olunmuş elmi, ədəbi-tənqidi və publisistik məqalələrin müəllifidir. A. S. Puşkinin «Yevgeni Onegin», Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» (bir hissə), Nizami Gəncəvinin «Leyli və Məçnun» poemalarını, M. Qorki, T. Q. Şevçenko, Xaqani, Cambul və b.-nın bə'zi əsərlərini Azərbaycan dilinə çevirmişdir. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilmiş, pyesləri Azərbaycan və xarici ölkə teatrlarında tamaşaya qoyulmuşdur. «Komsomol poeması» və «Aygün» əsərləri ekranlaşdırılmış, şe'rlərinə musiqi bəstələnmişdir.

Adına küçə, kolxoz, sovxoz, məktəb, mədəni-maarif müəssisələri, poeziya evi (Yuxarı Salahlıda) var. Bakıda ev muzeyi yaradılmışdır. Azərbaycanda hər il ən'ənəvi Səməd Vurğun poeziya günləri keçirilir. Bakıda və Qazaxda heykəli qoyulmuş, adına medal tə'sis olunmuşdur (1981).

 
   
    © Musigi dunyasi, 2009