VAHİD

(Əliağa Məmmədqulu oğlu İsgəndərovun təxəllüsü; 1895, Bakı – 1.10.1965, Bakı) – Azərbaycan şairi. Azərbaycan əməkdar incəsənət xadimi (1943).

Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı «Məcməüş-şüəra» ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, möhumatı, zülm və haqsızlığı ifşa etmişdir. «Tamahın nəticəsi» adlı ilk kitabı nəşr olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid İnqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: «Əsgər və fəhlə yoldaşlarıma», «Məktəb nə deməkdir», «Ucal, mələyim» və s. yazmış, «Kommunist» qəzetində, «Molla Nəsrəddin» jurnalında əməkdaşlıq etmişdir. «Kupletlər» (1924), «Mollaxana» (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə («Döyüş qəzəlləri», 1943; «Qəzəllər», 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

 
   
    © Musigi dunyasi, 2009